free wysiwyg web development software download

Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbi

Ordunun əsasını təşkil edən savadlı və cəsur zabitlərdir.

Məqsədimiz ürəyi Vətən, millət, bayraq sevgisi ilə dolu hərbiçi peşəsinin

dəyərlərinə və dövrün tələblərinə uyğun keyfiyyətdə zabit kadrları

hazırlamaqdır .

                                                                       Məktəbin tarixi

           Müstəqil dövlətlərin təcrübəsindən və tarixindən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir.   20-ci əsrin ikinci on illiyinin sonlarında öz dövlət müstəqilliyini əldə etmək ərəfəsində Azərbaycan xalqının qarşısında dayanan başlıca vəzifələrdən biri milli hərbi qüvvələrin yaradılması məsələsi idi. Bu məsələnin həlli və reallaşdırılması təkcə Azərbaycan xalqının milli mənafelərinin qorunması zərurəti ilə deyil, bəlkə də yaranmış şəraitdə millətin qorunması zərurəti ilə şərtlənirdi. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam ordusunun komandanı təyin edildi. Türk zabitlərinin yaxından köməyi və iştirakı ilə Azərbaycan Demokratik Cümhuriyyəti ordusunu milli kadrla təmin etmək məqsədi ilə 1918-ci ilin iyun ayında Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Ümumilikdə iki ilə yaxın fəaliyyət göstərən ilk hərbi məktəbimiz 4 buraxılış keçirə bilmişdir. 1920-ci il may ayının sonunda Sovet hakimiyyətinin qurulması ilə əlaqədər ilk hərbi məktəb öz fəaliyyətini dayandırdı.

    1939-cu ilin noyabr ayında SSRİ xalq müdafiə komisarının əmri əsasında Qroznı şəhərində Qroznı Hərbi Piyada Məktəbinin yaradılmasının göstərişi oldu. Bugünkü Azərbaycan Ali Hərbi Məktəbi öz yaranma tarixini həmin andan davam etdirir.

Məktəb yarandığı ilk günlərdən böyük çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində olmuşdur. Xüsusi ilə bu çətinliklərin əsası maddi-texniki təminatla əlaqədar idi. Kursantların dərslərinin və müstəqil hazırlığının keçirilməsi üçün sinif və auditoriyalar çatışmırdı. Atəş poliqonu çox primitiv şəkildə quraşdırılmış və atəş hazırlığından çalışmaların yerinə yetirilməsini təmin etmirdi. Bütün bu çətinliklərə baxmayaraq 1 yanvar 1940-cı ildən məktəb tədris proqramını yerinə yetirməyə başladı. İlk aylarda kursantlar proqram üzrə müxtəlif müddətə hazırlanırdılar. Hərbi hissələrdən məktəbə daxil olanlar bir illik proqramla, hərbi komissarlıqdan gələn mülki gənclər iki illik proqramla hazırlanırdılar. 1940-cı ilin martından bütün məktəb iki illik hazırlanma proqramına keçdi. Zabitlərin hazırlığı əvvəlcə iki peşə üzrə gedirdi:

     - atıcı taqım komandirləri

    - pulemyotçu taqım komandirləri

    - 1941-ci ildə məktəbin ştatı böyüdü və kursantlar üç peşə üzrə hazırlanmağa başlandı:

    - atıcı taqım komandirləri 50 %

    - pulemyotçu taqım komandirləri 30%

    - minomyotçu taqım komandirləri 20%

    Tədrisdə əsas diqqət hər bir kursantın hərbi texnikanı və taktikanı dərindən qavramasına, müasir silah növlərinin döyüş şəraitində bacarıqla istifadə edilməsinə yönəldilmişdir. Taktiki dərslər ilin fəsillərinə baxmayaraq, əksəriyyəti təlim meydanında, müxtəlif yerlərdə döyüş şəraitinə uyğun keçirilirdi.

    1941-ci ilin məzunlarından biri həmin günləri belə xatırlayır: “Taktiki dərslər gündəlik 4-5 saat keçirilirdi. Daşqala adlanan dağda hətta ot belə bitmirdi, belə ki, biz sürünməkdən onları yox etmişdik”.

    Zabitlərin hazırlanmasında əsas diqqət təlim metodik hazırlığına yönəldilmişdir. Belə ki, gənc komandirlər hərbi hissəyə gəldikdə şəxsi heyətlə döyüş hazırlığını bütün proqramların əsasında dərslərin keçirilməsini bacarsınlar. Tədris prosesinin əsası praktiki dərslərdən ibarət olurdu.

     1940-cı ilin fevralın əvvəlində ilkin yığımın kursantları sıra qarşısında Vətənə və öz xalqına sədaqətli olmaq üçün hərbi and qəbul etdilər.

     Nəhayət, həmin təntənəli gün yetişdi. Həmin buraxılış iki il əvəzinə il yarımlıq oldu. Ancaq buna baxmayaraq buraxılış imtahanlarında kursantların əksəriyyəti əsasən hərbi fənlərdən yüksək qiymət aldılar. Təxminən buraxılanların 76 % -i taktikanı və atəş hazırlığını “əla” və “yaxşı” qiymətlərlə verdilər.

    1941-ci il iyunun 12-də gənc zabitlər təyinatı üzrə xidmət yerlərinə yola düşdülər və bundan 10 gün sonra böyük Vətən müharibəsi başlandı.

    22 iyun 1941-ci ildə alman faşizmi sovetlər dövlətinə qarşı elan olunmamış müharibəni başladı. Həmin gündən etibarən məktəbin həyatında yeni bir mərhələ başlandı. Kollektiv qarşısında çətin və məsuliyyətli tapşırıqlar qoyuldu. Onlar cəbhənin tələbini ödəmək, fəaliyyətdə olan ordunu zabit kadrları ilə təmin etməkdən ibarət idi.

     Müharibənin üçüncü günü artıq 579 kursant və müəllim heyətindən cəbhəyə getmək üçün könüllü müraciət etmişdir. Müharibənin başlamasından dörd ay sonra gənc leytenantların vaxtından əvvəl buraxılışı keçirildi.

    Məzunlar birbaşa döyüşən orduya göndərildilər. Müharibə komandir hazırlığı sistemini kökündən dəyişdirməyə məcbur edirdi. Şəraitlə əlaqədar olaraq məktəbin tədris sisteminə yeni hazırlıq proqramı əlavə olundu. Bütün dərslər müharibə dövrünün tələblərinə uyğun olaraq keçirilirdi.

     Müharibənin ən ağır dövründə Ali Baş Komandanın əmri əsasında Qroznı Hərbi Piyada Məktəbi Qroznı kursant alayına keçirilərək 13 iyul 1942-ci ildə 2435 nəfərdən ibarət alay, məktəb rəisinin komandanlığı ilə döyüşən orduya, Stalinqrad cəbhəsinə yola salınmışdır.

     Stalinqrad uğrunda ilk döyüşlərdə məktəbimizin kursantları özlərini bacarıqlı döyüşçü kimi göstərirdilər.

    Qroznı kursant alayı Stalinqrad cəbhəsinə göndərildikdən sonra məktəb öz fəaliyyətini dayandırmadı. 1942-ci ilin iyulun 18-də məktəb əvvəlki ştata əsasən yığılaraq 1 avqust 1942-ci ilədək başa çatdırıldı.

    Alman ordusunun Qroznı şəhərinə yaxınlaşması ilə əlaqədar olaraq məktəb avqustun axırında Gürcüstana köçürüldü. Orada zabit kadrlarını hazırlamaq üçün şəraitin olmamasına görə 17 oktyabr 1942-ci ildə məktəb Bakı şəhərinə köçürüldü. Burada olan şərait müharibənin tələblərinə uyğun zabit kadrların hazırlanmasına imkan verirdi.

    Alman faşizminə qarşı qəhrəmancasına mübarizədə Bakı Piyada Məktəbi 9000-dən artıq gənc zabit kadrları hazırlayaraq cəbhəyə yola salmışdır. Bakı Piyada Məktəbinin 22 məzunu bu müharibədə ən yüksək ada, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

    Sovet İttifaqı Qəhrəmanı adı almış 22 məzundan üçü Azərbaycanlı olmuşdur. Onlardan:

    - İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general mayoru, Azərbaycan xalqının əfsanəvi oğlu Həzi Əhəd oğlu Aslanov;

    - Ziya Musa oğlu Bünyadov;

    - Aslan Fərhad oğlu Vəzirov olmuşlar.

     Bakı piyada məktəbinin məzunları döyüşlərdə məktəbin adını həmişə uca tutmuşdular.

     Müharibədən sonrakı müasir dövr məktəbdə dərin siyasi-hərbi və texniki biliyə, yüksək mədəniyyətə malik zabit kadrlarının hazırlanmasını tələb edirdi.

     Hər şeydən öncə məktəbdə yeni zabitlərin hazırlanmasının say tərkibi dəyişdirildi. Artıq 1945-ci ilin aprel ayında Bakı Piyada Məktəbində yeni ştat strukturu yaradıldı. Şəxsi heyətin sayı beş dəfə azaldıldı.

     Zabit kadrlarının hərtərəfli hazırlanması üçün 1946-cı ilin iyul ayından üç illik proqramla hazırlığı başlandı. 1947-ci ilin oktyabr ayında Bakı Piyada Məktəbi özünün müharibədən sonra ilk üç illik proqramla hazırlanmış kursantlarının buraxılışını keçirdi.

     Bakı Piyada Məktəbinin orduda Azərbaycanlı zabit kadrlarının artmasında böyük rolu olmuşdur. 1952-ci ilin buraxılış günü məktəbin tarixində ən əlamətdar günlərdən biri olmuşdur. Belə ki, buraxılan zabit kadrlarının 34%-ni Azərbaycanlılar təşkil etmişdir. Bu vaxtadn etibarən Azərbaycanlı kadrların məktəbə qəbulu artmışdır.

     1958-ci ilin ortalarında SSRİ nazirlər sovetinin qərarına əsasən hərbi məktəblər orta təhsil sistemindən ali təhsil sisteminə keçdilər. Həmin vaxtdan məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandı. 1 sentyabr 1958-ci ildə məktəb yeni tədris sisteminə böyük təntənə ilə başladı.

     28 noyabr 1966-cı ildə əldə etdiyi yüksək nailiyyətlərinə görə məktəbə Azərbaycan SSRİ Ali Sovetinin adı verildi.

     1973-cü il aprelin yeddisi məktəbin həyatında ən yadda qalan gün olmuşdur. Həmin gün məktəbin Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ziyarət etmişdir. Bundan əlavə olaraq o dövrdə Heydər Əliyev cənabları mütəmadi olaraq məktəbin fəaliyyəti ilə maraqlanır və buraxılış günlərində məzunlarla bir yerdə olurdu. O zaman orduda Azərbaycanlı zabit kadrlarının artmasında da Heydər Əliyev cənablarının böyük rolu olmuşdur.

     Məktəbin tarixində ən yadda qalan günlərdən biri də iki dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları generalı Həzi Əhəd oğlu Aslanovun adının müdafiə nazirinin əmrilə 1975-ci ildə həmişəlik məktəbin 1-ci bölüyünün şəxsi heyətinin siyahısına salınması olmuşdur. Bu gün də bu ənənə məktəbimizdə davam etməkdədir.

     XX əsr 80-ci illərin ikinci yarısında Sovet İttifaqı adlanan imperiyanın daxilindəki ziddiyətlər son həddə çatmışdı. Həmişə olduğu kimi imperiyanın daxilindəki ziddiyətlər bu dəfə də Azərbaycan xalqının milli özünü dərketmə prosesi və milli azadlıq hərəkatının başlanmasına səbəb olmuşdu.

     1988-ci ildə ermənilər uydurma “böyük ermənistan” planını yenidən ortaya atmaqla Azərbaycan xalqına qarşı soyqırım siyasətini artıq açıq şəkildə həyata keçirməyə başladılar.

     Keçmiş SSRİ rəhbərliyi, xüsusilə SSRİ-nin prezidenti Mixayıl Qarbaçov tərəfindən dəstəklənən erməni quldurları bir-birinin ardınca dəhşətli hadisələr törədirdilər.

     Bu hadisələrə etiraz əlaməti olaraq 17 noyabr 1988-ci ildə ilk dəfə olaraq Bakı ali məktəblərinin tələbələri, sənaye müəssisələrinin fəhlələri və şəhərin ziyalı təbəqəsi küçələrə çıxaraq indiki Azadlıq meydanında, Qarabağda baş vermiş hadisələrə qarşı Azərbaycanın ərazi bütövlüyünə görə nümayiş keçirdi.

         Həmin gündən etibarən Azərbaycanın müsdəqillik yolunda yeni bir tarix başlandı. 18 gün fasiləsiz davam edən mitinq Sovet imperiyasının sütunlarını sarsıtdı və müstəqilliyimizin təməl daşını qoydu. Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi 20 yanvar faciəsi xalqı öz istəyindən döndərə bilmədi.

     Respublikamızın öz suverinliyini əldə etməsi qonşu ermənistanın aramsız təcavüzü ilə bir vaxta təsadüf etmişdir. Müstəqil dövlətin atributlarından biri olan Silahlı Qüvvələrimizin yaradılması və formalaşması mürəkkəb bir şəraitdə keçmişdir. Lakin Azərbaycan Ordusu qısa bir müddətdə formalaşmış və düşmənlə üzbəüz dayanmışdır.

     Azərbaycan xalqı öz müstəqilliyini qazandıqdan sonra yeni yaranmış Silahlı Qüvvələrin ilk zabit və əsgərləri 1991-ci il dekabrın 8-də şəhidlər xiyabanında bir-birinin ardınca qara mərmər lövhələrdə əbədiləşmiş yurddaşlarımızla üzbəüz dayanıb, onların başladıqları işə, Vətənə, torpağa sadiq qalacaqlarına, nəyin bahasına olursa-olsun düşmənə aman verməyəcəklərinə and içdilər.

     1939-cu ilin 31 dekabrından fəaliyyət göstərən Sovet İttifaqının quru qoşunları üçün zabit kadrları yetişdirən Bakı Ali Hərbi Məktəbinin əsasında yaranan milli hərbi məktəbimiz xalqımızın azadlıq və müsdəqillik uğrunda mübarizəsinin məntiqi nəticələrinin bəhrəsi kimi elə ilk günlərdən dövlətimizin müdafiə və təhlükəsizlik fəaliyyətinə xidmət etmişdir.

    1992-ci ilin aprel ayından məktəb Azərbaycan Respublikasının hüquqi tabeliyinə keçirilmişdir. Motoatıcı qoşunlar üçün zabitlərdən başqa məktəbimiz on üç peşə üzrə zabitlər hazırlamağa başlamışdır.

    Elə yaranan ildən yeniləşən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantları erməni təcavüzkarlarının törətdiyi Qarabağ müharibəsində müstəqil Azərbaycanın bütövlüyünün və suverenliyinin qorunmasında fəal iştirak etmişlər.

     1992-ci ilin dekabrında ümumqoşun fakültəsinin birinci kursunun şəxsi heyətindən ibarət tabur yaranmış və döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam bölgəsinə göndərilmişdir. Gənc kursant taburu vətənpərvərlik və cəsurluq nümunələri göstərərək itkisiz döyüş tapşırığını yerinə yetirmişdir.

     1993-cü ilin fevralında ümumqoşun fakültəsinin ikinci kursundan 72 nəfərdən ibarət bölük yaradılmış, döyüş tapşırığını yerinə yetirmək üçün Ağdərə bölgəsinə göndərilmişdir. Döyüş tapşırığını yerinə yetirərkən 8 nəfər həlak olmuş, 5 nəfər isə itkin düşmüşdür.

     Məktəbimizin zabit və kursantları 1994-cü ilin qış və yaz döyüş kompaniyalarında Murovdağ istiqamətində erməni təcavüzünə sinə gərmiş, verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişlər.

     Məktəbimizi bitirən yüzlərlə gənc zabit öz hərbi andına sadiq qalaraq, müstəqilliyimiz və dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət və igidlik göstərmişlər. Onlarla məzunumuz Vətən naminə öz canlarını fəda etmiş və qəhrəmanlıq zirvəsinə ucalmışlar. Döyüşlərdə göstərdiyi igidlikliklərinə görə məktəbimizin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşlər.

     Öz qəhrəmanlıqları ilə özlərini tarixə salan qəhrəmanların sırasında Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunlarının da öz yerləri vardır. Onlardan:

     “AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI" adına layiq görülmüş :

    - polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu;

    - polkovnik Ağayev Eldar Əsgər oğlu;

    - polkovnik-leytenant Şikarov Şikar Şükür oğlu (ölümündən sonra);

    - mayor İbrahimov Rasim Səxavət oğlu (ölümündən sonra);

    - mayor Hüseynov Əfqan Qaraxan oğlu (ölümündən sonra);

    - kursant Kərimov Kərim Məhəmməd oğlu (ölümündən sonra);

    - kursant Mənsurov Bəhruz Qəhrəman oğlu (ölümündən sonra);

    - kursant Əliyev Əsgər Ələkbər oğlu (ölümündən sonra).

     Hal-hazırda məktəbin orden və medalla təltif olunmuş bir neçə məzunu məktəbimizdə qulluğunu davam etdirməkdədir. Onlardan:

“AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif olunanlar

    - polkovnik-Leytenant Hüseynov Cabbar Həmzə oğlu;

    - Əliyev Çingiz Cavan oğlu;

    - kapitan Əliyev Emin İmran oğlu.

     “HƏRBİ XİDMƏTLƏRİNƏ GÖRƏ” medalla təltif olunanlar:

    - polkovnik-leytenant Məmmədov Akif Gülağa oğlu;

    - kapitan Məmmədov Mehman Hüseyn oğlu.

    2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əlirza oğlu Əliyevin fərmanı ilə məktəb Azərbaycan Ali Hərbi Məktəbi olaraq adlandırılmışdır. 

     Azərbaycan Respublikası Prezidentinin 10 MART 2004-cü il tarixli fərmanı ilə məktəbə Azərbaycan Respublıkasının ümummilli lideri Heydər Əliyevin adı verilmişdir.

    Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda göstərdikləri qəhrəmanlıqlar yeni hərb tariximizdə özünə məxsus yer tutmuşdur. Onların göstərdikləri igidlik və rəşadət bugünkü kursantlarımız üçün örnək, Azərbaycan Respublikasının müdafiəsi uğrunda qəhrəmanlıq göstərmək üçün bir mənbədir.

                                                             FAKÜLTƏ VƏ KAFEDRALAR


I. QURU QOŞUNLARI FAKÜLTƏSİ

1. Taktika kafedrası;

2. Silah və atış kafedrası;

3. Kəşfiyyat və radioelektron mübarizə kafedrası;

4. Raket və artilleriya qoşunları kafedrası;

5. Hərbi mühəndis kafedrası;

6. Rabitə və avtomatik idarəetmə kafedrası;

7. Maddi-texniki təminat kafedrası.


II. HƏRBİ HAVA QÜVVƏLƏRİ FAKÜLTƏSİ

1. Uçuş hazırlığı kafedrası;

2. Aviasiya mühəndisliyi kafedrası.


III. HAVA HÜCUMUNDAN MÜDAFİƏ FAKÜLTƏSİ

1. Hava hücumundan müdafiə taktikası və döyüşə tətbiqi kafedrası;

2. Hava hücumundan müdafiə silahları və radiotexnika mühəndisliyi kafedrası.


IV. HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ FAKÜLTƏSİ

1. Hərbi dəniz taktikası kafedrası;

2. Gəmiçilik və radiotexniki sistemlər kafedrası;

3. Gəmi enerji sistemləri kafedrası.


V. ÜMUMİ HAZIRLIQ FƏNLƏRİ KAFEDRALARI

1. Fundamental və təbiət fənləri kafedrası;

2. Humanitar və sosial fənlər kafedrası;

3. Texniki fənlər kafedrası ;

4. İnformatika kafedrası;

5. Dillər kafedrası;

6. Fiziki hazırlıq və idman kafedrası;

7. NATO və sülh naminə əməkdaşlıq kafedrası.


                                                                        HƏRBİ İXTİSASLAR


I. QURU QOŞUNLARI FAKÜLTƏSİ İXTİSASLARI

1. Motoatıcı;

2. Tankçı;

3. Yerüstü artilleriya ixtisası üzrə mütəxəssis;

4. Qoşun kəşfiyyatı ixtisası üzrə mütəxəssis;

5. Radioelektron kəşfiyyat və radioelektron mübarızə ixtisası üzrə mütəxəssis;

6. Rabitəçi;

7. Mühəndis-istehkam ixtisası üzrə mütəxəssis;

8. Raket və artilleriya silahlarının istismarı və təmiri ixtisası üzrə mütəxəssis;

9. Tərbiyəvi işin təşkili ixtisası üzrə mütəxəssis;

II. HƏRBİ HAVA QÜVVƏLƏRİ FAKÜLTƏSİ İXTİSASLARI

1. Təyyarə və vertolyotların pilotları;

2. Təyyarə, vertolyot və aviasiya mühərriklərinin istismarı və təmiri ixtisası üzrə mütəxəssis;

3. Təyyarə və vertolyotların aviasiya avadanlıqlarının istismarı və təmiri ixtisası üzrə mütəxəssis;

4. Aviasiya silahlarının istismarı və təmiri ixtisası üzrə mütəxəssis;

5. Təyyarə radioelektron avadanlıqlarının istismarı və təmiri ixtisası üzrə mütəxəssis.


III. HAVA HÜCUMUNDAN MÜDAFİƏ FAKÜLTƏSİ İXTİSASLARI

1. Radiotexniki qoşunlar ixtisası üzrə mütəxəssis;

2. Quru qoşunların hava hücumundan müdafiə ixtisası üzrə mütəxəssis; 

3. Zenit raket qoşunları ixtisası üzrə mütəxəssis.


IV. HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ FAKÜLTƏSİ İXTİSASLARI

1. Gəmi şturmanı;

2. Gəmi silahları ixtisası üzrə mütəxəssis;

3. Gəmi radiotexniki; 

4. Gəmi elektromexaniki.


2017-2018–ci TƏDRİS İLİ ÜÇÜN HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBi MƏKTƏBİNƏ TƏLƏBƏ QƏBULU QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR:

Tədris dili : Azərbaycan dili 

Təhsil forması : əyani 

Təhsil müddəti : 4 il 

 17 yaşı tamam olan, 20 yaşına çatmayan və mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə, zabit hərbi rütbəsi olmayan, ali hərbi məktəbdə oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər, həmçinin, dövlətlər arası müqavilələrə əsasən xarici ölkələrin hərbi qulluqçuları qəbul edilirlər.

     Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunurlar. 1-ci və 2-ci kurslarda təhsil alanlar ayda 122 manat, 3-cü və 4-cü kurslarda isə 132 manat məbləğində təqaüd alırlar.

2. SƏNƏDLƏRİN QƏBULU: 

      Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq arzusunda olan namizədlər 01.04.2017-ci il tarixindən etibarən 01.05.2017-ci il tarixə kimi ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

     - şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə sample;

     - oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;

     - tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);

     - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

     - nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);

     - uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);

     - evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;

     - 4 ədəd rəngli fotoşəkil ( baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);

     - məhkumluğu barədə arayış;

     - 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; 

     - sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;

     - qanın ümumi analizi, qan qrupu və rezus faktor;

     - qanın QİCS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri; 

     - qanın hepatit B və hepatit C-yə aid müayinələrinin nəticələri; 

     - sidiyin ümumi analizi; 

     - psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Bundan əlavə:

      Təyyarəçilik ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin yumurtalarının və lyambiyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər. 

      Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli, eləcə də Dövlət imtahan mərkəzinin təyin etdiyi birinci ixtisas qrupu üzrə elektron qeydiyyatdan keçməsi barədə ərizə və 6(altı) rəqəmli iş nömrəsi ilə və 12 (on iki) rəqəmli şifrə  abituriyent tərəfindən ali hərbi məktəbin sənəd qəbulu komissiyasına şəxsən təqdim olunur.

 3. HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL (2 mərhələdə keçirilir):

    I MƏRHƏLƏ

      Birinci mərhələdə namizədlər müvafiq olaraq Heydər Əliyev adına AAHM-də hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildirilir. Heydər Əliyev adına AAHM-ə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı Dövlət imtahan mərkəzinə göndərilir.

     II MƏRHƏLƏ

       İkinci mərhələdə namizədlər Dövlət imtahan mərkəzi tərəfindən 1-ci ixtisas qrupu üzrə test üsulu ilə keçiriləcək aşağıdakı fənlərdən qəbul imtahanı verirlər:

      - azərbaycan dili; 

      - riyaziyyat; 

      - fizika; 

      - kimya; 

      - xarici dil. 

      Test imtahanları Azərbaycan dilində keçirilir. 

     Quru qoşunlar, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələrində oxumaq arzusunda olan abituriyentlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunduqdan sonra xüsusi seçimindən keçirilir və müvafiq fakültələrə təyin olunurlar. 

      Naxçıvan Muxtar Respublikasında yaşayan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər. 

      Məzunlara müxtəlif hərbi ixtisaslarla yanaşı ali təhsil haqqında bakalavr diplomu verilir.

QEYD: 

      - təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlərlə təmin olunurlar;

       - imtahanın tarixi əlavə olaraq bildiriləcəkdir; 

     - sənədlər Bakı şəhəri, Zığ qəsəbəsi, Heydər Əliyev adına AAHM ünvanında qəbul olunur. 


Ünvan
Bakı şəhəri Xətai rayonu Naximov küçəsi

Əlaqə
E-poçt: www.aahm@mod.gov.az
Telefon: +(994) 012 479 78 43

Yaşasın Azərbaycan!
Eşq olsun Azərbaycan ordusuna!